cümə axşamı 15 oktyabr 2026 - 20:03
Bəhreyndə şiələrə qarşı repressiyalarla bağlı sarsıdıcı hesabat

Hövzə / “Dinin kriminallaşdırılması” ilə bağlı birgə hüquqi hesabatı araşdıraraq bildirir ki, Bəhreyn hakimiyyəti şiələrin dini strukturunu hədəfə alıb və onların dini ayinlərini təqibə məruz qoyur.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, “Demokratiya və İnsan Hüquqları Uğrunda Sülh” Təşkilatı və “Bəhreyn İnsan Hüquqları Cəmiyyəti” “Dinin kriminallaşdırılması və dini ayinlərin məhdudlaşdırılması” adlı birgə hüquqi hesabatlarını “Şiələrin təqibindən etiqadın kriminallaşdırılmasına qədər” alt başlığı ilə dərc ediblər. Hesabat 1405-ci hicri-şəmsi ilində (2026-cı il) Bəhreyndə şiə alimlərinə qarşı tətbiq olunan məhdudiyyətlərin, dini ayinlərə qoyulan qadağaların və onlara qarşı nifrət nitqinin sənədləşdirilməsinə həsr olunub.

Hesabatın təqdimatı, 12 oktyabr 2026-cı il tarixində bazar ertəsi, “Zoom” tətbiqi vasitəsilə keçirilən onlayn hüquqi müzakirə çərçivəsində baş tutub. Tədbirdə hesabatın əsas nəticələri diqqətə çatdırılıb, din və etiqad azadlığı ilə bağlı pozuntuların artması, eləcə də hesabatda “dini ayin və mərasimlərin təhlükəsizlik və məhkəmə təqibinin predmetinə çevrilməsi” kimi səciyyələndirilən vəziyyət ətrafında müzakirələr aparılıb.

Hesabatda Bəhreyndə din alimlərini, dini qurumları və dini ayinləri hədəf alan pozuntuların hüquqi baxımdan hərtərəfli təhlili təqdim olunur. Bu təhlil dörd əsas istiqaməti əhatə edir: din alimlərinin məhkəmə təqibinə məruz qalması, şiələrə qarşı nifrət nitqi və təhrikçilik, Aşura mərasimlərinin keçirilməsinə tətbiq olunan məhdudiyyətlər və Cəfəri vəqflərinin idarə olunmasına müdaxilə.

Hesabatda 2026-cı ilin mart-avqust ayları ərzində 64 şiə din aliminin həbs edildiyi bildirilir. Onlardan 44-ü yalnız bir gündə — mayın 9-da həbs olunub. Hesabatda, həmçinin saxlanılan şəxslərin işgəncəyə, pis rəftara və etiraf etməyə məcbur edilməyə məruz qalması ilə bağlı məlumatlara toxunulur, ədalətli məhkəmə araşdırması təminatlarının və müdafiə hüququnun məhdudlaşdırılması qeyd olunur.

Hesabatda dini etiqad və dini fəaliyyətlərlə bağlı məsələlərin — o cümlədən təqlid, dini mərcəiyyət, xüms və elmi hövzələrdə təhsil almağın — şübhə əlaməti və ya ittiham sübutu kimi qiymətləndirilməsi təhlükəsi barədə xəbərdarlıq edilir. Eyni zamanda, qanuni dini hüquqların həyata keçirilməsi ilə konkret əməllərə görə cinayət məsuliyyətinin müəyyənləşdirilməsi arasında fərq qoyulmasının zəruriliyi vurğulanır.

Bu çərçivədə hesabatda Məhərrəm ayında keçirilən matəm mərasimləri ilə əlaqədar təxminən 150 həbs halı sənədləşdirilib. Saxlanılanlar arasında yeniyetmələr, din alimləri, xətiblər, mərsiyəxanlar və dini heyətlərin məsul şəxsləri də olub. Məhdudiyyətlər İamam Hüseyn () xeymelərinə, bayraqlara, şüarlara və dini mərasimlərə də şamil edilib. Bundan əlavə, 2026-cı ilin iyul ayında və sonrakı dini təqvimlərdə tətbiq olunan məhdudiyyətlər çərçivəsində 103 xeymə və ya dini heyətin fəaliyyəti ləğv edilib.

Hesabatda “X” platformasında dərc olunmuş 94 materialın təhlilinə əsaslanaraq, şiə din alimlərinə qarşı nifrət və təhrik məzmunlu ifadələrin artmasına diqqət yetirilib. Hesabatın məlumatına görə, bu ifadələr şiələrə qarşı damğalama, onları xəyanətdə ittiham etmə, cəmiyyətdən təcrid olunmağa və vətəndaşlıqdan məhrum edilməyə çağırışlar, bəzi hallarda isə zorakılığa təhrik kimi halları əhatə edib.

Hesabatda, həmçinin 2026-cı il Cəfəri vəqflərinin yenidən strukturlaşdırılması və bununla bağlı həyata keçirilən inzibati tədbirlər və verilən təlimatlar nəzərdən keçirilib. Bildirilib ki, bu tədbirlər dini ayinlərin icrasına məhdudiyyətlər yaradıb. Həmin məhdudiyyətlər dini heyətlərin daxilində bəzi fəaliyyətlərin məhdudlaşdırılmasını, İmam Hüseyn xeymələrinin fəaliyyətinə və səsgücləndiricilərdən istifadəyə məhdudiyyətlər qoyulmasını əhatə edib. Hesabatda vurğulanıb ki, bu addımlar dini qurumların müstəqilliyi, eləcə də icmaların öz işlərini müstəqil şəkildə idarə etmək və dini ayinlərini həyata keçirmək azadlığı ilə bağlı ciddi narahatlıqlar doğurur.

Hesabatın yekununda bildirilib ki, bu tədbirlər ayrı-ayrı hadisələr deyil, sözügedən iki təşkilatın qiymətləndirməsinə əsasən, din və etiqad azadlığına qarşı təzyiqlərin getdikcə artan və sistemli xarakter alan modelini təşkil edir. Bu proses dini liderlərin hədəfə alınmasından başlayaraq, dini ayinlərin icrasının məhdudlaşdırılmasına, dini qurumların və onlara məxsus vəqflərin nəzarət altına alınmasına qədər uzanır. Hesabatda qeyd olunub ki, bu vəziyyət Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 18-ci maddəsi ilə təminat altına alınmış hüquqları təhlükə altına qoyur.

Hesabatda Bəhreyn hakimiyyət orqanlarından dini və siyasi baxışlarına, eləcə də mövqelərinə görə özbaşına həbs edilmiş şəxslərin azadlığa buraxılması, işgəncə və pis rəftarla bağlı iddiaların araşdırılması üçün müstəqil təhqiqatların başlanması, ədalətli məhkəmə araşdırmalarının təmin edilməsi və dini ayinlərə qarşı ayrı-seçkilik xarakterli məhdudiyyətlərin dayandırılması tələb olunub.

Bundan əlavə, 2026-cı ildə din alimləri və dini mərasimlərlə bağlı işlərə müstəqil qaydada yenidən baxılması, Cəfəri vəqflərinin təşkilati müstəqilliyinin təmin edilməsi, eləcə də Birləşmiş Millətlər Təşkilatının müvafiq mexanizmlərinin, o cümlədən din və ya etiqad azadlığı üzrə xüsusi məruzəçinin dini azadlıqların vəziyyəti və sənədləşdirilmiş pozuntularla yerində tanış olmaq üçün Bəhreynə səfərə dəvət edilməsi çağırışı yer alıb.

Hesabatın təqdimatına həsr olunmuş tədbirin proqramında “Bəhreyn İnsan Hüquqları Cəmiyyəti”nin sədri Baqir Dərviş, “Səlam” Təşkilatının hüquq məsləhətçisi Seyid Yusif əl-Mühafizə, həmin təşkilatın şəbəkələr üzrə məsul şəxsi İbtisam əs-Sayiğ və Mərakeşli hüquq müdafiəçisi, “İnsan Hüquqları Təşkilatlarının Mərakeş Koalisiyası”nın koordinatoru Əbdülilah bin Əbdüssəlamın əvvəlcədən qeydə alınmış çıxışı yer alıb. Tədbiri cəmiyyətin monitorinq üzrə məsul şəxsi Ğina Rəbai idarə edib və görüşdə ingilis dilinə sinxron tərcümə də təmin olunub.

Hesabatın təqdimatı pozuntuların sənədləşdirilməsi, beynəlxalq hesabatlılıq və məsuliyyət mexanizmlərinin gücləndirilməsi məqsədi daşıyan hüquqi təşəbbüslər çərçivəsində həyata keçirilib. Tədbirdə vurğulanıb ki, din və etiqad azadlığı yalnız müəyyən bir etiqadı qəbul etmək hüququ ilə məhdudlaşmır; bu azadlıq, eyni zamanda, dini ayinləri sərbəst şəkildə həyata keçirmək, mərasimlər təşkil etmək, habelə dini qurumları müstəqil və ayrı-seçkilik olmadan idarə etmək hüququnu da əhatə edir.

Hesabatın yekun nəticələrində bir daha vurğulanıb ki, dini azadlığın qorunması fərdlərin və icmaların öz etiqadlarını və dini ayinlərini açıq şəkildə və kollektiv formada, həbs, təqib və ya bu hüququ mahiyyətindən məhrum edən inzibati müdaxilələr qorxusu olmadan həyata keçirə bilmələrinin təmin edilməsini tələb edir. Hesabatda Bəhreyndə dini kimliyin kriminallaşdırılmasına və dini ayinlərin məhdudlaşdırılmasına gətirib çıxaran təcrübələrə son qoyulması çağırışı da yer alıb.


 

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha